Ermənistanın Baş naziri Nikol Paşinyan respublikada parlament seçkilərindən sonra Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə görüşməyi planlaşdırır.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Paşinyan seçicilərlə görüşündə deyib.
"Rusiya Prezidenti iyunun 1-də məni ad günüm münasibətilə təbrik etmək üçün zəng etdi. Aydındır ki, təbriklərdən əlavə, biz həm də işgüzar söhbət apardıq. Biz razılaşdıq ki, seçkilərdən sonra mən yenə Rusiyaya gedərək Putinlə görüşəcəyəm və bütün cari məsələləri həll edəcəyik", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, o, Rusiya ilə mübahisə etmək niyyətində deyil, lakin Ermənistanın mövqeyini sakitcə müdafiə edəcək.
"Biz Rusiyanın maraqlarına zidd hərəkət etməyəcəyik, lakin öz maraqlarımıza qarşı da çıxmayacağıq", - o qeyd edib.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.