Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində oktyabrın 15-də dərs zamanı məktəbin damı uçub. Hadisə nəticəsində azı 27 şagird və bir müəllim həlak olub, 20 nəfər yaralanıb. Hakimiyyət orqanları xilasetmə əməliyyatı davam etdiyindən ölənlərin sayının arta biləcəyini bildiriblər.
Hadisə şəhərin Dir Colony məhəlləsində yerləşən özəl Al-Khair Təhsil Mərkəzində baş verib. Rəsmilərin məlumatına görə, ölənlərin əksəriyyəti 13 yaşdan kiçik uşaqlardır.
Xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, zərərçəkənlərin çoxunun Lady Reading xəstəxanasına gətirilərkən öldüyü təsdiqlənib. Yaralanan 20 nəfər də müalicə üçün həmin xəstəxanaya aparılıb.
Xilasetmə rəsmisinin sözlərinə görə, yuxarı mərtəbənin damı birinci mərtəbənin damının üzərinə uçub. Birinci mərtəbənin damı da çökərək dərsdə olan şagirdlərin üzərinə düşüb.
Televiziya görüntülərində təcili yardım maşınlarının hadisə yerinə gəldiyi, xilasedicilərin dağıntılar altından yaralı və qan içində olan şagirdləri çıxardığı əks olunub. Rayonun fövqəladə hallar üzrə məsul şəxsi İftixar Xan azı 45 uşağın dağıntılar altından çıxarıldığını deyib.
İftixar Xan xilasetmə əməliyyatı davam edərkən dağıntılar altında daha çox uşağın qala biləcəyindən narahatlıq ifadə edib.