Pakistan İsalm Respublikasının xarici işlər naziri İshaq Dar (Ishaq Dar) "X" sosial şəbəkə hesabındakı bəyanatında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına edilən hərbi hücumu en kəskin şəkildə pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İ.Dar hücum zamanı yaralananlar arasında 6 nəfər Pakistan vətəndaşının da olduğunu diqqətə çatdıraraq, bütün xəsarət alanlara tezliklə sağalmağı arzulayıb. Pakistanlı diplomat mülki şəxsləri və strateji mülki infrastrukturu hədəf alan bu tür zərbələrin yolverilməz olduğunu, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu, həmçinin regional sülh və təhlükəsizliyə ciddi təhdid törətdiyini vurğulayıb.
Pakistanın Səudiyyə Ərəbistanı rəhbərliyi və qardaş xalqı ilə sarsılmaz həmrəylik içində olduğunu bəyan edən xarici işlər naziri, İslamabadın Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə tam bağlı qaldığını bir daha xatırladıb.
Pakistanın Baş naziri Şahbaz Şərif də törədilən terror aktını qətiyyətlə pisləyərək, həlak olanların ailələrinə və Səudiyyə Ərəbistanı rəhbərliyinə dərin hüznlə başsağlığı verib.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin (GACA) yaydığı rəsmi məlumata görə, oktyabrın 10-da Kral Xalid Beynəlxalq Hava Limanını hədəf alan hava hücumu nəticəsində 13 nəfər həlak olub, 309 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd edək ki, son dövrlərdə Yəməndə hökumət qüvvələri ilə husi qruplaşması arasında hərbi toqquşmaların yenidən kəskinləşməsi fonunda İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanının ərazisini ballistik raketlər və kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə almaqda davam edirlər.