ABŞ və İran arasında danışıqlar ərəfəsində Pakistanın ABŞ-dəki səfiri Rizvan Səid Şeyx tərəflərin prosesə konstruktiv yanaşmasının birinci dərəcəli əhəmiyyət daşıdığını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, diplomat bu barədə ABŞ KİV-inə müsahibəsində bildirib. O, aprelin 11-də İslamabadda planlaşdırılan görüşü şərh edərək vurğulayıb: "Hesab edirəm ki, ən vacib məqam hər iki tərəfin konstruktiv əhvali-ruhiyyəsidir. Əgər bu danışıqların zəruriliyinə və mümkünlüyünə əmin olmasaydılar, onlara razılıq verməzdilər".
Səfir qeyd edib ki, vasitəçinin əsas rolu tərəfləri danışıqlar masasına gətirmək və onlara özlərini nəyin qane etdiyini müəyyən etməyə imkan verməkdir. Pakistanın vasitəçilik səylərində beynəlxalq ictimaiyyətin dəstəyini hiss etdiyini bildirən diplomat əlavə edib: "Təkcə dünən rəhbərliyimiz 50-dən çox zəng alıb. Hamı vəziyyəti diqqətlə izləyir və nəticəyə ümid edir".
Qeyd edək ki, xarici KİV-lərin məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri danışıqların keçirilməsi üçün artıq İslamabada gediblər.