Özbəkistanın milli kino şirkəti “Özbekfilm” yeni prezident fərmanı ilə müəyyənləşdirilən proqram çərçivəsində film istehsalına süni intellekti (AI) tətbiq edəcək. AnewZ-in məlumatına görə, təşəbbüs ölkənin tarixi, mədəniyyəti və vizual irsi haqqında xüsusi məlumat bazasının yaradılmasını nəzərdə tutur.
Məlumat bazası 2028-ci ilədək hazırlanacaq və film istehsalında istifadə ediləcək AI modellərinin təlimi üçün nəzərdə tutulub. “Özbekfilm” və Rəqəmsal Texnologiyalar Nazirliyi bazanın hazırlanması və mütəmadi yenilənməsi üzərində birgə çalışacaq.
Milli kino şirkətinin nəzdində “Özbekfilm AI Lab” laboratoriyası yaradılacaq. Laboratoriya məlumat bazası ilə işləyəcək, mütəxəssislər hazırlayacaq və AI texnologiyalarının film istehsalına inteqrasiyasına kömək edəcək.
Proqramda “President AI Award” mükafatında və Daşkənd Beynəlxalq Film Festivalında AI vasitəsilə yaradılan filmlər üçün ayrıca kateqoriyaların təsis edilməsi də yer alır.
Rəqəmsal Texnologiyalar Nazirliyi kino sənayesi mütəxəssisləri üçün hər il xaricdə təcrübə proqramları təşkil edəcək. Təşəbbüslərin maliyyələşdirilməsi 30 oktyabr 2025-ci ildə qəbul edilmiş prezident qərarı ilə AI layihələri üçün ayrılan vəsait hesabına hər il həyata keçiriləcək.
Daşkənd 2027-ci ilin yanvarında ilk beynəlxalq AI film festivalı “ZIYO FEST AI”a ev sahibliyi etməyə hazırlaşır. Müsabiqənin mükafat fondu 100 milyon sum, təxminən 8 300 dollar olacaq.
Festivalda iştirak üçün müraciətlər 2026-cı il dekabrın 13-dək qəbul ediləcək. Təşəbbüslər Özbəkistanın yaradıcı sahələrdə AI tətbiqini genişləndirmək və yeni texnologiyalar üzrə yerli mütəxəssis potensialını inkişaf etdirmək səylərinin bir hissəsidir.