Süni intellekt texnologiyalarından istifadə edilməklə beynəlxalq media məkanında dezinformasiya və təbliğat kampaniyalarının aparıldığı üzə çıxıb. “OpenAI” şirkətinin rəsmi bloq yazısında yer alan məlumata görə, yeddi uydurma jurnalist imzası ilə hazırlanan 100-dək məqalə dünya üzrə 12-yə yaxın media qurumunda dərc olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkət fars dilində analitik məqalələr, redaksiya təqdimatları və sosial şəbəkə şərhləri tərtib etmək üçün “ChatGPT” xidmətindən istifadə edən hesablar şəbəkəsini bloklayıb. Məqalələrdə əsasən ABŞ və İranın xarici siyasət kursu, Yaxın Şərqdəki hərbi gərginlik müzakirə mövzusu edilib. Süni intellekt vasitəsilə yazılan materiallarda “ABŞ-nin İran siyasəti özəlləşdirilirmi: Cared Kuşner problemi” və “İran müharibəsi və Qərbin mənəvi nüfuzunun çöküşü” kimi rezonans doğuran başlıqlardan istifadə olunub.
Ekspertlər bu faktı ABŞ, İsrail və İran arasında regional hərbi münaqişə fonunda informasiya müharibəsi və təbliğat kampaniyalarında süni intellekt alətlərindən istifadənin bariz nümunəsi kimi dəyərləndirirlər. “OpenAI” təmsilçiləri fəaliyyətin kommersiya əsaslı təsir kampaniyası aparan subyektə uyğun gəldiyini, lakin əməliyyatın arxasında konkret hansı tərəfin dayandığının hələlik müəyyən edilmədiyini bildiriblər.
Açıqlamada qeyd olunur ki, məqalələri dərc edən platformalar arasında iri media konqlomeratları olmasa da, bəzi resursların kifayət qədər geniş auditoriyası var. Belə ki, Cared Kuşnerlə bağlı məqalə Los-Ancelesdə yerləşən “LA Progressive” nəşrində yayımlanıb. “Middle East Monitor” portalının rəhbərliyi isə məsələ ilə bağlı daxili araşdırmalara başlanıldığını bəyan edib. Şirkətin müşahidələrinə görə, məqalələr dərc olunduqdan sonra həmin materiallara dəstək məqsədilə süni intellekt vasitəsilə avtomatlaşdırılmış sosial şəbəkə reaksiyaları və şərhləri generasiya edilib.
ABŞ-nin informasiya təhlükəsizliyi üzrə eksperti Cessika Brandt məsələyə münasibət bildirərək qeyd edib ki, generative süni intellekt texnologiyaları xarici qüvvələrə öz rəqəmsal izlərini gizlətməyə, dezinformasiyanı həqiqi media kanalları vasitəsilə yaymağa və daha mürəkkəb saxta informasiya strukturları formalaşdırmağa geniş imkanlar yaradır.