“Onlar bu jestimizə silahla cavab verdilər”-ŞƏRH

“Onlar bu jestimizə silahla cavab verdilər”-ŞƏRH
11.12.2023 11:58
Aa
dəq

Azərbaycan tərəfinin Ermənistanla razılaşdığı kimi, Azərbaycan 32 ermənini, Ermənistan isə 2 azərbaycanlı əsiri qarşılıqlı şəkildə mübadilə etdi. Əslində əsirlərin mübadilə edilməsi addımı çox ciddi tarixi bir hadisədir. Buna səbəb ilk dəfə olaraq Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan özləri qarşılıqlı şəkildə müəyyən məsələdə əməkdaşlıq edib. 

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib.

Biz həmişə görmüşük ki, hansısa dövlətlərin, eyni zamanda digər təşkilatların iştirakı ilə bu proses reallaşıb. Bu dəfə Azərbaycanla Ermənistan qarşılıqlı şəkildə öz aralarında bu razılığı əldə etdilər. Digər sual yaradacaq bir məqam isə 2 azərbaycanlıya, 32 erməni əsirinin verilməsidir. Bu bir daha ondan xəbər verir ki, bizim üçün, dövlətimiz üçün, dövlətimizin başçısı Prezident İlham Əliyev üçün hər bir azərbaycanlı hər şeydən dəyərlidir. Hətta biz bir azərbaycanlını belə bütün ermənilərə dəyişməyə gedə biləcək qüvvəyə malikik. Təbii ki, bu bir daha ondan xəbər verir ki, bizim dövlətimiz hər bir vətəndaşına nə dərəcədə dəyər verir. Qarşılığında kimin, neçə erməninin verilməsindən asılı olmayaraq, bu addımın atılması Azərbaycan dövlətinin rəhbərinin, Azərbaycan vətəndaşını yüksək səviyyədə dəyərləndirməsindən xəbər verir.

Bu bir ilk deyil. Prezident İlham Ramil Səfərovun qaytarılması zamanı bütün beynəlxalq ictimaiyyətin, ayrı-ayrı dövlətlərin, təşkilatların Azərbaycan dövlətinə və birbaşa İlham Əliyevə qarşı səsləndirdikləri o ittihamlara, səfərbər olunmalarına rəğmən prezident yenə də Ramil Səfərovu aldı və onu dərhal azad etdi. 

Eyni zamanda bizim Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin alınması ilə bağlı prezidentimiz eyni addımları atmışdı. Mübariz İbrahimovun nəşinin alınması təbii ki, bizə hansı çətinliklər hesabına başa gəldi, Ermənistan dövləti belə məsələlərdə öz şəxsi maraqları üçün belə məqamlardan həmişə istifadə etməyə çalışıb. Ancaq bizim onlardan fərqimiz Azərbaycan özünün hər bir vətəndaşını hər şeydən üstün tutur. Bizim yürütdüyümüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı, təhlükəsizliyi, sağlamlığı, onun müqəddəratı və taleyi durur. 

Biz həm İkinci Qarabağ müharibəsinə qədər, həm də İkinci Qarabağ müharibəsində də bu kimi halların şahidi olmuşuq. Ermənilərin bizdən fərqli olmasını gördük. Onlar öz iki yaşlı mülki vətəndaşını Azərbaycandan almaq istəmirdilər. Həmin o insanların təhvil verilməsi üçün Azərbaycan nə qədər gözlədi, onlardan biri həyatını dəyişdi, digərini isə məcbur qalıb götürdülər. Eyni zamanda onlar öz əsgər və zabitlərinin döyüş meydanından götürmək istəmirdilər. Yəni, bütün bu fərqlərdir ki, bizim qələbəmizi, uğurumuzu təmin edir.

Azərbaycan dövlətinin başçısı bu addımları atdığına görə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi İkinci Qarabağ müharibəsində onun göstərişi ilə bütün əsgər və zabitlərimiz, silahlı qüvvələrimiz səfərbər oldular. Onlardan biri belə müharibədən, döyüşdən yayınmadı. Ancaq Ermənistan ordusunda biz 12 min fərarinin olduğunun şahid olduq. Bunu biz demirdik, bunu onların öz rəsmiləri, səlahiyyətli şəxsləri qeyd edirdilər. Yəni əgər bizim prezidentimiz bu addımları yürütməsəydi, biz İkinci Qarabağ müharibəsində insanlarımızın, əsgər və zabitlərimizin o şəkildə gözüyumulu ölümə getməsinin də şahidi ola bilməzdik. Əlbəttə ki, bizim əsgər və zabiti ilə ermənilərin əsgər, zabitini müqayisə etmək belə qüsurludur. Ancaq hər bir halda bir əsgər, bir zabit, bir hərbçi özünün Ali Baş Komandanının onun üçün hər şeyə gedəcəyinə anladıqda, onun sərkərdəsinin onun üçün əlindən gələn hər şeyin edəcəyini anlayırsa, o daha ürəkli, daha cəsur, daha qəhrəman şəkildə irəliyə gedir və düşməni darmadağın edir. Biz necə ki bunun şahidi olduq.

İkinci Qarabağ müharibəsində  Azərbaycanın əsgər və zabitləri əliyalın şəkildə düşmənin üstünə gedirdilər. Şuşa dağlarına qalxdılar və düşməni məhv etdilər. Bu məqamları nəzərə alsaq, bu çox önəmli prosesdir.

Bu gün eyni zamanda Prezident İlham Əliyev yenə də o addımı təkrarladı. İki azərbaycanlı müqabilində heç bir halda verməyəcəyimiz 32 ermənini belə verdik. Düzdür o ermənilər Azərbaycan ərazilərinə cinayət törətmək məqsədilə daxil olmuşdular, diversiya qrupuna aid olanlar var idi. Eyni zamanda digər cinayətlər törətmək məqsədilə Azərbaycan ərazilərinə qanunsuz olaraq daxil olmuş o şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində də addımlar atılırdı. Onlardan biri elə bir gün öncə 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ancaq bütün bunlara baxmayaraq yenə də, ölkə başçımız, dövlətimiz bu addımı atdı ki, 2 əsgərimizin gözüyaşlı qalan anaları, ailə üzvləri və sevdikləri dövlətindən gözlədikləri, umduqları o addımı görsünlər. Təbii ki, o əsgərlərimiz 32 erməni deyil, 32 min erməni ilə belə dəyişməyə layiqdirlər. Çünki onlar azərbaycanlıdırlar, çünki onlar cəsurdurlar, çünki onlar Azərbaycan xalqının oğullarıdır. 

Hesab edirəm ki, burada başqa psixoloji məqam da var. Biz bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq ki, biz sülhün əldə edilməsi istiqamətində istənilən addımı atmağa hazırıq. Çünki Azərbaycan Ermənistanı 3 ildən artıqdır ki, sülhə məcburetmə prosesini həyata keçirir.

Hətta Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər hazırlayan, bunu törətməyə niyyəti olan erməniləri belə Ermənistana qaytarırıq ki, Ermənistan bizimlə sülh sazişini imzalasın. Bu bizdən daha çox Ermənistana lazımdır. Nəhayət ki, Azərbaycan öz qarşısına qoyduğu Cənubi Qafqazda sülhün təhlükəsizliyi və sabitliyin əldə edilməsi istiqamətində o hədəfinə nail olsun. Bu bizim istəyimizdir, arzumuzdur.
 
Ancaq bir məqamı da unutmaq olmaz ki, o 32 erməninin içərisində Birinci Qarabağ Müharibəsində, ondan sonra baş verən proseslərdə, İkinci Qarabağ Müharibəsində əlləri Azərbaycan xalqının qanına batmış cinayətkar ünsürlər qondarma rejimin tör-töküntüləri, onların ''liderləri'' olan şəxslər yoxdur. Arayik Arutyunyan, Ruben Vardanyan və digər şəxslər hansılar ki, onlar Azərbaycan xalqına qarşı terror cinayəti törədiblər, terroru maliyyələşdiriblər, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını pozublar. Təbii ki, onlara da bu güzəşt ediləcəkdi. Nə vaxt ediləcəkdi? Onlar silahı vaxtında yerə qoyub təslim olsaydılar güzəştlər ediləcəkdi.

Prezident İlham Əliyev ən son Laçında çıxış edərkən onlara mesaj verdi ki, silahı yerə qoysalar, Azərbaycan dövləti onların amnistiya aktı altına düşməsi prosesini də müzakirə edə bilər. Ancaq onlar bu çağırışımıza, jestimizə silahla cavab verdilər. Bu gün onlar özlərinin müqəddəratlarının, talelərinin nədən asılı olacağı ilə bağlı Azərbaycan dövlətinin, Azərbaycan ədalət mühakiməsinin qərarını gözləyirlər. Bu məsələdə də biz ədalətli qərar verəcəyik. Ancaq hər bir halda cinayət törətmiş şəxs mütləq şəkildə ədalətli cəza almalıdır.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu