Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı hələ də təşkilatın tamhüquqlu üzvü hesab edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov təşkilata üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasından sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən KTMT-dən çıxmaq və ya üzvlüyünə xitam verməklə bağlı heç bir rəsmi qərar təqdim edilməyib.
“Bu, siyasi məsələdir. Bu günə qədər KTMT Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir. Ermənistan Respublikasından bunun əksi ilə bağlı heç bir təlimat və ya qərar almayıb”, – deyə Masadıkov vurğulayıb.
KTMT baş katibi qeyd edib ki, Ermənistanın təşkilatdan çıxması ilə bağlı qərarı ölkə rəhbərliyi və xalqı verməlidir.
“Düşünürəm ki, bu qərarı Ermənistan xalqı və Ermənistan rəhbərliyi verəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevral ayında KTMT-də iştirakını dayandırdığını açıqlayıb. Baş nazir Nikol Paşinyan isə təşkilatın Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi.