ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən və yaralananların olduğu açıqlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın İsfahan vilayətinin qubernator müavini Əkbər Salehi yerli mediaya açıqlamasında ABŞ qüvvələrinin gecə saatlarında həyata keçirdiyi zərbələrin nəticələrini açıqlayıb.
Onun sözlərinə görə, Nain rayonuna endirilən hücum nəticəsində 1 nəfər həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, Xuzistan əyalətinin Mahşəhr şəhərində baş verən hücum zamanı 1 təhlükəsizlik əməkdaşının öldüyü, 4 nəfərin isə yaralandığı bildirilib.
ABŞ Mərkəzi Komandanlığı (“CENTCOM”) yaydığı rəsmi açıqlamada əməliyyatların məqsədinin İranın Hörmüz boğazında ticarət gəmilərinə qarşı mümkün hücum imkanlarını zəiflətmək olduğunu qeyd edib.
Açıqlamadan sonra Bəndər Abbas, Sirik və Cask şəhərləri, eləcə də Keşm adası ərazisində güclü partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.
İran tərəfi isə ABŞ-nin hücumlarına cavab olaraq hərbi əməliyyatlara başladığını açıqlayıb. Rəsmi Tehran bölgədəki “düşmən bazalarına” qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (İHA) zərbələri endirildiyini bildirib.
Hazırda ABŞ və İran arasında gərginliyin davam etdiyi qeyd olunur.