“Atletik”in ispaniyalı cinah oyunçusu Niko Uilyamsın agenti Feliks Taynta 2025-ci ilin yayında “Barselona”ya baş tutmayan transferlə bağlı danışıqların təfərrüatlarını bölüşüb. FRBarca-nın X sosial şəbəkəsində paylaşdığı açıqlamaya görə, danışıqlardan “Atletik” də xəbərdar olub.
Taynta bildirib ki, Uilyams üçün əsas məsələ yeni klubda müntəzəm oynamaq imkanı ilə bağlı zəmanət idi. Agentin sözlərinə görə, “Barselona”da yarana biləcək problemlərin futbolçunun oyun vaxtına təsir etməyəcəyinə əminlik olmadığından tərəflər riskə getməmək qərarına gəliblər. O, bunun yalnız dünya çempionatı ilə bağlı olmadığını, Uilyamsın peşəkar futbolçu kimi oynamağa ehtiyacı olduğunu vurğulayıb.
Agentin sözlərinə görə, ambisiyalı Uilyams “Atletik”dən ayrılmağı nəzərdən keçirib. Taynta futbolçuya klubla müqaviləni uzatmağı təklif edib və Uilyams bu ideyanı qəbul edib. Bundan sonra yeni müqavilə barədə qərar verilib.
Uilyamsın “Atletik”lə müqaviləsi 2035-ci ilin yayına qədər qüvvədədir. Razılaşmada təxminən 90 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. İspaniyalı futbolçu klubun heyətində 205 oyun keçirib, 38 qol vurub və 37 məhsuldar ötürmə edib.