Bakıda Müdafiə Nazirliyi və NATO nümayəndələri arasında 2026-cı il üçün nəzərdə tutulan Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində "Məsləhətçi görüşü" keçirilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən rəsmi məlumat verilib.
Görüş NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Qiymətləndirmə və Rəy proqramının mühüm tərkib hissəsidir. Tədbirdə cari ilin iyun ayında ölkəmizdə keçiriləcək ƏİK bölmələrinin "1-ci səviyyəli özünü qiymətləndirmə" (SEL-1) təliminin planlama və hazırlıq vəziyyəti müzakirə olunub.
Müdafiə Nazirliyinin nümayəndələri və xarici mütəxəssislərin iştirakı ilə baş tutan görüşün əsas məqsədi ƏİK proqramına yeni bəyan edilmiş bölmələrin döyüş hazırlığını yoxlamaqdır.
Həmçinin, təminat və təchizat məsələləri, eləcə də bölmələrin NATO standartlarına uyarlılıq səviyyəsini müəyyən etmək üçün tərtib olunmuş qiymətləndirmə suallarının dəqiqləşdirilməsi və təsdiqlənməsi həyata keçirilir.