Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) həftəlik mətbuat brifinqini tikintisi davam edən "Ay Yıldız" Müşərək Qərargahında keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, brifinqdə NATO Liderlər Zirvəsi, terrorla mübarizə, sərhəd təhlükəsizliyi və müdafiə sənayesi layihələri ilə bağlı son vəziyyət müzakirə olunub.
Məlumata görə, nazirlik rəsmiləri "Ay Yıldız" qərargahının Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat imkanlarını gücləndirəcək və müasir texnologiyalarla təchiz olunacaq strateji layihə olduğunu bildiriblər.
Bildirilib ki, Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi müttəfiqlər arasında həmrəyliyin möhkəmlənməsinə və Avro-Atlantik məkanında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına töhfə verib. Türkiyənin NATO çərçivəsində etibarlı və məsuliyyətli müttəfiq kimi fəaliyyətini davam etdirəcəyi vurğulanıb.
Qeyd olunub ki, son bir həftə ərzində 4 PKK terrorçusu təslim olub. Həmçinin Suriyanın Deyrizor bölgəsində Fərat çayı üzərində 240 metr uzunluğunda üzən körpünün quraşdırılması başa çatdırılıb.
Məlumata əsasən, son bir həftədə qanunsuz yollarla sərhədi keçməyə cəhd edən 316 nəfər saxlanılıb, 995 nəfərin isə sərhədi keçməsinin qarşısı alınıb.
Bildirilib ki, Van sərhəd xəttində keçirilən əməliyyat zamanı 109 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb.
Brifinqdə çıxış edən nazirlik rəsmiləri ABŞ-nin "CAATSA" sanksiyalarının və Türkiyənin müdafiə sənayesinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini bir daha vurğulayıblar.
Qeyd edilib ki, Yunanıstanın son bəyanatlarına münasibətdə Türkiyənin bölgədə sülh və sabitliyin qorunmasının, eləcə də problemlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğu bildirilib.