İranın neft naziri Mohsen Paknejad iyunun 25-26-da Hindistanın Qurqram şəhərində keçiriləcək BRICS enerji sammitində iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi məlumat yayıb.
Məlumata görə, ikigünlük tədbir çərçivəsində BRICS ölkələrinin dayanıqlı enerji sahəsində əldə etdikləri nəticələr, yeni təşəbbüslər və əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Bildirilib ki, səfər zamanı Mohsen Paknejadın Hindistanın neft və təbii qaz naziri ilə görüşü planlaşdırılır. Görüşdə enerji sektorunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın qiymətləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Qeyd olunub ki, İran rəsmisi sammit çərçivəsində digər BRICS ölkələrinin enerji nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək. Tehran enerji sahəsində beynəlxalq tərəfdaşlıqların inkişafına xüsusi önəm verdiyini vurğulayır.
Məlumata əsasən, BRICS hazırda Braziliya, Çin, Misir, Efiopiya, Hindistan, İndoneziya, İran, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla 11 inkişaf etməkdə olan iqtisadiyyatı bir araya gətirir.
Bildirilib ki, təşkilatın gündəliyi son illərdə genişlənərək iqtisadi əməkdaşlıqla yanaşı, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, maliyyə əməkdaşlığı, ərzaq təhlükəsizliyi və digər qlobal məsələləri də əhatə edir.
Qeyd olunub ki, İran nümayəndə heyətinin sammitdə iştirakı ölkənin enerji sektorunda beynəlxalq əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımların davamı kimi qiymətləndirilir.