İranda Ərbəin ziyarətinin təşkili və zəvvarlara göstərilən xidmətlərin yaxşılaşdırılması ilə bağlı yüksək səviyyəli görüş keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın Həcc və Ziyarət Təşkilatının rəhbəri Əlirza Rəşidian Xarici İşlər naziri Abbas Əraqçi ilə görüşüb.
Xarici İşlər Nazirliyində baş tutan görüşdə cari ilin ziyarət proqramlarının səmərəli təşkili, eləcə də iranlı zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələləri müzakirə edilib.
Abbas Əraqçi bildirib ki, Ərbəin ziyarəti zamanı zəvvarların rahat və təhlükəsiz səfərinin təmin olunması üçün aidiyyəti dövlət qurumları arasında sıx koordinasiya vacibdir.
Nazir qeyd edib ki, Xarici İşlər Nazirliyi zəvvarların qarşılaşa biləcəyi problemlərin həlli, həmçinin onlara diplomatik və konsulluq dəstəyinin göstərilməsi üçün tam hazırlıqlıdır.
Qeyd edək ki, Ərbəin İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününün anıldığı və hər il milyonlarla zəvvarın İraqın Kərbəla şəhərinə axın etdiyi ən böyük dini mərasimlərdən biridir.
Bu ziyarətin təşkilini asanlaşdırmaq məqsədilə İran və İraq arasında viza məhdudiyyətlərinin aradan qaldırılması, nəqliyyat və ictimai xidmətlərin təkmilləşdirilməsi, sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də tibbi və logistik dəstəyin artırılması istiqamətində əməkdaşlıq həyata keçirilir.
Məlumata görə, bu ilki Ərbəin ziyarəti avqustun 4-də Kərbəlada keçiriləcək kütləvi matəm mərasimləri ilə başa çatacaq.