Almaniya Bundeskansleri Fridrix Merts yaydığı rəsmi yazılı bəyanatda Yaxın Şərqdə israillilərin, fələstinlilərin və region xalqlarının sülh, sabitlik və təhlükəsizlik şəraitində birgə yaşaya biləcəyi yeni beynəlxalq nizamın təməllərinin atılmasının vacibliyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kansler Merts Berlinin bu strateji məqsədə çatmaq üçün aktiv diplomatik səylər göstərdiyini vurğulayıb:
“Hökumətimiz bu məqsədə nail olmaq üçün çalışır. İnanırıq ki, regionda davamlı sülhə yalnız İsrailin yanında müstəqil Fələstin dövlətinin yaradılması ilə nail olmaq mümkündür”.
Almaniya Hökumətinin rəhbəri 2023-cü ilin oktyabrında başlayan hərbi əməliyyatlar və münaqişələr nəticəsində həyatını itirənlərin xatirəsini yad edərək, zərər çəkmiş mülki şəxslərin və ailələrin acılarına şərik olduğunu ifadə edib.
Eyni zamanda, Merts Almaniya daxilində antisemitizm təzahürlərinin artmasına diqqət çəkərək, federal hökumətin bu kimi hallara karşı barışmaz mövqe tutacağını bəyan edib: “Hökumətimiz antisemitizmin bütün formalarına qarşı qətiyyətlə mübarizə aparacaq. Yəhudilər Almaniyanın hər bir bölgəsində təhlükəsizlik şəraitində yaşamalı, yəhudi icmasının sosial-mədəni həyatı cəmiyyətimizdə inkişaf etməlidir”.