Yunanıstanın Saloniki Apellyasiya Məhkəməsi ordunun yanacaq kəmərindən 300 min litr neft məhsulunun qanunsuz mənimsənilməsi ilə bağlı mühüm məhkəmə hökmü çıxarıb.İşi nəzərdən keçirən hakimlər heyəti mühafizə xidmətində çalışmış keçmiş giziri (kiçik zabiti) dəniz və ordu resurslarının talan edilməsində təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstərən daha 4 mülki şəxs barəsində də müxtəlif müddətlərə həbs cəzası kəsilib. Məhkəmənin qərarı ilə cinayətin əsas təhrikçiləri sayılan iki nəfər 6 il, digər iki şərik isə müvafiq olaraq 3 və 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
İstintaq materiallarına əsasən, oğurluq faktı ordunun strateji boru kəmərinin mühafizəsinə məsul olan keçmiş hərbçinin bilavasitə köməkliyi ilə baş tutub. O, mülki cinayətkar qrupun üzvlərinə hərbi nəzarət zonasında yerləşən boru kəmərinə qanunsuz xətt çəkməyə və iri həcmdə yanacağı daşımağa şərait yaradıb.
Cinayətkar şəbəkənin fəaliyyəti təsadüf nəticəsində üzə çıxıb: qrup üzvlərindən birinin idarə etdiyi avtomobil ərazidəki kanala aşıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsində xüsusi nasoslar, dəniz və ordu kəmərlərinə deşmə üsulu ilə qoşulmaq üçün istifadə edilən avadanlıqlar və yanacaq çənləri aşkarlayıblar.