Əgər Vaşinqton "Öncə İsrail" prinsipini rəhbər tutarsa, İran ABŞ-la razılığa gələ bilməyəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Əgər biz İslamabadda "Öncə Amerika" ("America first", Donald Tramp komandasının siyasi şüarı - red.) nümayəndələri ilə danışıqlar aparsaq, çox güman ki, hər iki tərəf və dünya üçün sərfəli razılıq əldə edə biləcəyik. Lakin "Öncə İsrail" tezisi ilə qarşılaşsaq, sövdələşmə baş tutmayacaq; müdafiəmizi əvvəlkindən daha qətiyyətlə davam etdirməyə məcbur olacağıq və dünya böyük itkilərlə üzləşəcək", - deyə M.Aref qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxs öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
ABŞ və İran arasında İslamabadda keçiriləcək danışıqlar yerli vaxtla saat 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.
Qeyd edək ki, ABŞ və İran arasındakı danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.
Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərtilə başlamasında israrlıdır, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.
Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə boğazın beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.
Bundan əlavə, Tehran dondurulmuş aktivlərin sərbəst buraxılması və münaqişə nəticəsində dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.
İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücuma məruz qalmayacağına dair zəmanət tələb edir. Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını məqbul sayır və danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.