Avropa Liqasının ümumi mərhələsinin V turunda “Beşiktaş”la “Hapoel” (Beer-Şeva) arasında keçirilən matç tribunadakı qarışıqlıq səbəbindən 35 dəqiqə dayandırılıb. Qarşılaşma noyabrın 26-da, Bakı vaxtı ilə saat 21:45-də başlayıb.
Türkiyə hakimiyyətinin müraciətindən sonra UEFA təhlükəsizliyə zəmanət verilməməsi səbəbindən oyunu Gürcüstana keçirib. Qarşılaşma zamanı Türkiyəli azarkeşlərdən biri Fələstin bayrağı açıb. Mühafizə əməkdaşları bayrağı almağa çalışanda “Beşiktaş” azarkeşləri onun müdafiəsinə qalxıblar.
Azarkeşlər oturacaqları qopararaq Gürcüstan polisinə atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib. Hakim hesab 0:0 olarkən, 25-ci dəqiqədə oyunu saxlayıb. Matç daha sonra bərpa olunub və ilk hissə qolsuz başa çatıb.