İngiltərənin "Mançester Siti" klubu ulduz yarımmüdafiəçisi Rodri Ernandesin mümkün transferi ilə bağlı mövqeyini müəyyənləşdirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İspaniya millisinin üzvü ilə maraqlanan "Barselona" klubu "şəhərlilər"in müəyyənləşdirdiyi transfer şərtlərini qəbul etməli olacaq.
Məlumata görə, insayder Nikolo Skiranın yaydığı xəbərə əsasən, "Mançester Siti" 30 yaşlı futbolçunu buraxmaq üçün 60-70 milyon avro arasında təzminat tələb edir. Bu məbləğ daha əvvəl gündəmə gələn 45 milyon avroluq rəqəmdən xeyli yüksəkdir.
Bildirilib ki, Rodri artıq "Barselona" ilə şəxsi müqaviləsinin şərtləri barədə razılığa gəlib. Lakin transferin reallaşması üçün Kataloniya təmsilçisi İngiltərə klubunun maliyyə tələblərini qarşılamalıdır.
Rodrinin gələcəyi ilə bağlı müzakirələr davam edir. Qeyd olunur ki, təcrübəli yarımmüdafiəçi daha əvvəl "Real Madrid"ə keçid variantını rədd edib.
Rodri ötən mövsüm bütün turnirlər üzrə 33 qarşılaşmada iştirak edib və 2 qolla yadda qalıb. Hazırda əsas sual "Barselona"nın ispan futbolçunu transfer etmək üçün tələb olunan məbləği ödəyib-ödəməyəcəyi ilə bağlıdır.