İndoneziya hakimiyyəti Malakka boğazından keçən gəmilərdən rüsum alınması planından imtina edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İndoneziyanın müvafiq qurumları bu cür addımın beynəlxalq dənizçilik qanunlarını poza biləcəyini əsas gətirərək qərar verib.
Antara xəbər agentliyinin məlumatına görə, İndoneziya rəsmisi Sugiono bildirib ki, ölkə Malakka boğazında tranzit haqlarının tətbiqini nəzərdən keçirmir. Onun sözlərinə görə, boğazdan gəmilərin sərbəst keçidi təmin edilməlidir və bir çox ölkə açıq, neytral və qarşılıqlı faydalı dəniz marşrutu ideyasını dəstəkləyir.
Qeyd olunub ki, Sugiono BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına əsasən belə rüsumların tətbiqinin hüquqi baxımdan mümkün olmadığını vurğulayıb. Konvensiyaya görə, İndoneziya arxipelaq dövləti kimi öz sularından keçən beynəlxalq boğazlarda tranzit haqqı tətbiq edə bilməz.
Məlumata görə, bir gün əvvəl Sinqapurun xarici işlər naziri Vivian Balakrishnan da Malakka boğazından keçid üçün heç bir ödəniş planının olmadığını açıqlamışdı.
Xatırladaq ki, daha əvvəl İndoneziyanın maliyyə naziri ölkənin boğazdan keçən gəmilərə rüsum tətbiqini nəzərdən keçirdiyini bildirmişdi.
Qeyd edək ki, Malakka boğazı dünya ticarətində strateji əhəmiyyətə malik su yoludur və qlobal dəniz yolu ilə daşınan neftin təxminən 30 faizi bu marşrutdan keçir.