Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
DİM-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.
Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahandan sonra DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım edilib və Mərkəzin məsul əməkdaşları, ekspertlər test tapşırıqları ilə bağlı geniş izahat verib, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunub.