Son dövrlərdə ərzaq və qeyri-ərzaq məhsullarının, yanacağın və dərmanların bahalaşması fonunda əmək haqlarının artırılması məsələsi yenidən gündəmə gəlib. İqtisadçılar mövcud şəraitdə maaşların indeksləşdirilməsinin və il ərzində 9–10 faiz artırılmasının mümkün və zəruri olduğunu bildirir. Bəs real iqtisadi vəziyyət buna imkan verirmi?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, maaşların artırılması ideya baxımından cəlbedici səslənsə də, əsas məsələ bunun hansı mənbə hesabına həyata keçiriləcəyidir.

Onun sözlərinə görə, “maaşlar artsın, insanlar Almaniya, Fransa kimi yaşasın” demək asandır, lakin bu artımı təmin edəcək real gəlir mənbələri olmalıdır.
“O pulu qazanmaq lazımdır. Dünyaya nəsə satmalıyıq ki, pul gəlsin və maaşları ödəyə bilək. Hazırda ixracın 85–90 faizi neft və qazın payına düşür. Bu gəlirlər əsasən Neft Fonduna yönəlir və oradan büdcəyə transfert olunur. Ancaq son illərdə neft hasilatı azalır, Neft Fonduna daxilolmalar da azalır”, – deyə X.Kərimli vurğulayıb.
İqtisadçının fikrincə, hökumət 2026-cı il üçün minimal əmək haqqısını artırmayıb və büdcədən maliyyələşdirilən təşkilatlarda maaş artımı üçün ciddi rezervlər müəyyənləşdirilməyib.
“Neftin qiyməti büdcədə maksimal olaraq 65 dollar səviyyəsində proqnozlaşdırılıb. Amma proqnozlar göstərir ki, qiymət bundan da aşağı ola bilər. Bu isə əlavə büdcə gəlirlərinin olmayacağı anlamına gəlir”, – deyə o əlavə edib.

Xalid Kərimli hesab edir ki, bu şəraitdə əmək haqlarının kütləvi və kəskin şəkildə artırılması real görünmür.
Onun sözlərinə görə, iqtisadçıların səsləndirdiyi 9–10 faizlik artım arzudan ibarətdirsə, bunun maliyyə mənbəyi də konkret göstərilməlidir: “Kim verəcək, necə verəcək, hansı mənbə hesabına?”
Özəl sektorun davranışına da toxunan iqtisadçı bildirib ki, maaş artımları əsasən əmək bazarındakı aktivlikdən asılıdır.
“Özəl sektor çalışır ki, xammalı da, işçi resursunu da mümkün qədər ucuz alsın. Amma əmək bazarında rəqabət yarananda, işçi daha yüksək maaş təklif edilən yerə gedəndə, işəgötürən məcbur qalıb maaşı artırır. Bunun üçün isə iqtisadi aktivlik, gəlirlərin artması lazımdır”, – deyə o qeyd edib.
X.Kərimlinin sözlərinə görə, hazırda məşğul əhalinin təxminən 52 faizi özəl sektorda, 48 faizi isə dövlət sektorunda çalışır. Dövlət sektorunda maaş artımı üçün büdcədə xüsusi yüksək əməkhaqqı fondu nəzərdə tutulmayıb. Buna görə də ümumi və kütləvi şəkildə minimal əmək haqqının artırılması gözlənilmir.
İqtisadçı bildirib ki, hökumətin ümumi proqnozlarına əsasən, 2026-cı il ərzində əmək haqlarında orta hesabla təxminən 7 faiz və ya bir qədər çox artım ola bilər.

“Bu artım da əsasən əmək bazarındakı vəziyyətdən, iqtisadi aktivlikdən, yeni iş yerlərinin açılmasından və işçi qüvvəsinə tələbdən asılı olacaq”, – deyə o vurğulayıb.
Nəticə olaraq, Xalid Kərimli hesab edir ki, yaxın dövrdə əmək haqlarında kəskin və davamlı artım gözləmək üçün iqtisadi əsaslar zəifdir:
“Maaş artımı kiminsə istəyi ilə yox, iqtisadiyyatın real vəziyyəti ilə mümkündür. İqtisadi inkişaf olmalıdır ki, maaşları artırmaq da mümkün olsun”.
Beləliklə, maaş artımı kiminsə arzusuna görə deyil, iqtisadiyyatın gücünə bağlıdır. İndeksasiya, büdcə planları və bazar aktivliyi – bunların hər biri gələcək əməkhaqqının xəritəsini çəkir. Sual isə qalır: biz real artımı görmək üçün iqtisadiyyatı böyüdə biləcəyik, yoxsa sadəcə gözləyəcəyik? Seçim, həm hökumət, həm də cəmiyyətin əlindədir – və nəticəsi hər birimizin cibində hiss olunacaq.