Azərbaycanda istirahət və bayram günlərində çalışan işçilərin əməkhaqqının hesablanması ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Qanunvericiliyin tələblərinə əsasən, bu günlərdə görülən işlərə görə işçilərə əlavə və ikiqat ödəniş nəzərdə tutulur ki, rəsmi qurumlar və ekspertlər bu normaların düzgün tətbiqinin vacibliyini vurğulayırlar.
Dövlət Əmək Müfəttişliyi Xidməti isə bildirib ki, işəgötürən qanunvericiliyin icazə verdiyi hallarda işçini ay ərzində nəzərdə tutulan istirahət günlərində işə cəlb edərsə, əlavə ödəniş etməlidir.
Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Vüqar Bayramov deyib ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işlərə görə əməkhaqqının hesablanması zamanı yalnız gündəlik deyil, saatlıqtarif maaşının da nəzərə alınmalıdır.

Deputat bildirib ki, dəyişikliklərə əsasən, bu günlərdə əməyin vaxtamuzd ödənilməsi zamanı gündəlik və saatlıq tarif maaşının iki mislindən, işəmuzd ödəniş sistemində isə ikiqat işəmuzd qiymətlərindən istifadə olunacaq:
“Aylıq maaş alan işçilər üçün isə iş aylıq iş vaxtı norması çərçivəsində görülərsə, maaşa əlavə olaraq gündəlik və saatlıq vəzifə maaşından az olmamaqla, normadan artıq vaxtda görülərsə, ikiqat gündəlik və saatlıq vəzifə maaşından az olmamaqla ödəniş həyata keçiriləcək”.
Vüqar Bayramov vurğulayıb ki, Əmək Məcəlləsində “saatlıq vəzifə maaşı” anlayışının tətbiqi mühüm yeniliklərdəndir.
Bu addım işçilərin əmək hüquqlarının daha güclü qorunmasına və onların əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, bəzi hallarda qeyd olunan günlərdə iş tam iş günü deyil, yalnız bir neçə saat davam edir. Yeni dəyişikliklər belə hallarda işçilərə faktiki işlədikləri hər saata görə əlavə əməkhaqqı ödənilməsini təmin edəcək. Məsələn, əgər işçinin saatlıq tarif maaşı 30 manatdırsa və o, istirahət və ya bayram günündə 4 saat işləyibsə, həmin saatlara görə ona 120 manat deyil, ən azı 240 manat ödəniləcək.
Millət vəkili əlavə edib ki, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu dəyişikliklər əməkhaqqı ödənişlərinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, hazırkı qanunvericilik istirahət günlərində və iş vaxtından sonra çalışan işçilərə əlavə – iş vaxtından artıq əməkhaqqının ödənilməsini nəzərdə tutur. Bu normalar uzun müddətdir qüvvədədir və qanunvericilikdə açıq şəkildə təsbit olunub.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, bəzi hallarda bu tələblər praktikada icra olunmur, lakin bu, artıq icra mexanizmləri ilə bağlı problemdir.

Ekspertin sözlərinə görə, Bakıda fəaliyyət göstərən xarici şirkətlərdə, səfirliklərdə və beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşları iş vaxtından artıq işlədikdə əlavə ödənişləri tam şəkildə ala bilirlər.
O bildirib ki, əsas problem yerli şirkətlərdə və dövlət orqanlarında çalışan işçilərlə bağlıdır. Belə ki, bir çox hallarda Azərbaycan şirkətlərində və dövlət qurumlarında əlavə iş vaxtına görə nəzərdə tutulan ödənişlər ya ümumiyyətlə verilmir, ya da tam kompensasiya olunmur.
Ekspert vurğulayıb ki, bu vəziyyət əmək qanunvericiliyinin icrasında ciddi boşluqların olduğunu göstərir və işçilərin hüquqlarının real təminatı üçün nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.
Digər müsahibimiz əmək hüquqları üzrə ekspert Etibar Qarayev qeyd edib ki, iş vaxtından artıq iş yalnız işəgötürənlə işçi arasında qarşılıqlı razılıq əsasında, işçinin əmək funksiyasının müəyyən olunmuş iş vaxtından artıq müddətdə yerinə yetirilməsi hesab olunur.

İşçilərin artıq işlərə cəlb edilməsinə əsasən təbii fəlakətlərin, istehsalat qəzalarının və digər fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin olunması, həmçinin tez xarab olan malların itkisinin qarşısının alınması məqsədi ilə yol verilir.
Etibar Qarayev bildirib ki, əmək qanunvericiliyi işçilər üçün bir sıra məhdudiyyətlər və təminatlar da nəzərdə tutur. Xüsusilə ağır və zərərli sahələrdə çalışan işçilərin iş vaxtından artıq işlərə cəlb olunmasına yol verilmir. Eyni zamanda, əmək şəraiti ağır və zərərli olan sahələrdə çalışan işçilər üçün iş vaxtından artıq işin müddəti bütün iş günü ərzində iki saatdan çox ola bilməz.
Vəkil qeyd edib ki, işəgötürən iş vaxtından artıq işə cəlb etdiyi işçilər üçün istehsalat və sosial-məişət şəraitini tam təmin etməli, əmək təhlükəsizliyi qanunvericiliyə uyğun şəkildə qorunmalıdır.
Onun sözlərinə görə, iş vaxtından artıq işlərə görə əməkhaqqının ödənilməsi də qanunla dəqiq müəyyən olunub. Belə ki, vaxtamuzd ödəniş sistemində çalışan işçilərə saatlıq tarif maaşının ikiqat məbləğindən az olmayaraq ödəniş edilməlidir. İşəmuzd ödəniş sistemində isə əməkhaqqı tam ödənilməklə, saatlıq tarif maaşından az olmamaq şərti ilə əlavə haqq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə bu məbləğlərdən daha yüksək ödənişlərin nəzərdə tutulması da mümkündür.

Etibar Qarayev vurğulayıb ki, işəgötürən əməkhaqqını ödəmədikdə və ya gecikdirdikdə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin dördüncü hissəsinə əsasən, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin və digər qanunla nəzərdə tutulmuş ödənişlərin tam və ya vaxtında ödənilməməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək cərimə edilə bilərlər.
Qeyd edək ki, bu cür pozuntularla üzləşən işçilər əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər.