G7 ölkələrinin liderləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsi istiqamətində öhdəliklərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekunlarına dair qəbul olunan birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, G7 liderləri Şimali Koreyanın nüvə və ballistik raket proqramları ilə bağlı dərin narahatlıqlarını ifadə edərək, Koreya yarımadasının tam nüvəsizləşdirilməsi məqsədinə dəstəklərini bir daha vurğulayıblar.
Sənəddə həmçinin Şimali Koreya ilə əlaqələndirilən kriptovalyuta oğurluqları və kibercinayətkarlıq fəaliyyətlərinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Liderlər bu təhdidlərə qarşı birgə mübarizə aparmaq niyyətlərini təsdiqləyiblər.
Xatırladılıb ki, iyunun 14-də Şimali Koreya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ölkənin nüvəsizləşdirilməsi məsələsinin “qəti və dönməz şəkildə bağlandığını” bəyan edib. Nazirlik eyni zamanda Pxenyanın nüvə dövləti statusunun dəyişməz qaldığını vurğulayıb.
G7 liderləri birgə bəyanatda qanunun aliliyinə əsaslanan “azad və açıq” Hind-Sakit okean regionunun əhəmiyyətini də önə çəkiblər. Onlar Şərqi və Cənubi Çin dənizlərində, eləcə də Tayvan boğazında mövcud status-kvonun güc və ya məcburetmə yolu ilə dəyişdirilməsinə yönələn birtərəfli addımlara qarşı olduqlarını bildiriblər.
Bəyanatda həmçinin Yaxın Şərqdəki vəziyyət və Ukrayna ilə bağlı məsələlərə ayrıca yer verilib.