Rusiya Xarici İşlər naziri Sergey Lavrov hazırkı beynəlxalq münasibətlər sistemində yaranmış gərginlikdən danışıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Lavrov “TASS” agentliyinə müsahibəsində Rusiya ilə Qərb dövlətləri arasındakı münasibətləri “ciddi vəziyyət” kimi qiymətləndirib. O, Rusiyanın xarici təsirlərdən müstəqil qalmasının Moskvanın əsas prioritetlərindən biri olduğunu bildirib.
Nazirin sözlərinə görə, hazırda Qərb ölkələri Rusiyaya qarşı kollektiv şəkildə çıxış edir. Lavrov bildirib ki, Moskva mövcud vəziyyətin ciddiliyini gizlətmir və Qərbin Rusiyaya münasibətdə vahid mövqe nümayiş etdirdiyini düşünür.
XİN rəhbəri vurğulayıb ki, qarşıdurma yalnız diplomatik münasibətlərlə məhdudlaşmır və daha geniş geosiyasi proseslərin tərkib hissəsidir.
Lavrovun fikrincə, Rusiya özünü müstəqil güc və ayrıca sivilizasiya kimi qorumaqda maraqlıdır. O, həmçinin Çin və Hindistanla bərabərhüquqlu əməkdaşlığın Moskva üçün əhəmiyyətli olduğunu qeyd edib.
Rusiya XİN rəhbəri bildirib ki, Moskva gələcəkdə Qərbin, xüsusilə Avropanın yeni beynəlxalq münasibətlər sisteminə bərabərhüquqlu əsaslarla inteqrasiya etməyə hazır olacağına ümid edir.
Lavrovun sözlərinə görə, hazırda isə Qərb və ABŞ belə bir yanaşmaya hazır deyil.