ABŞ Ukrayna ilə bağlı Rusiya ilə təmaslarında “yerüstü reallıqların” tanınmasını əsas götürür.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Böyük oyun” proqramında sualı cavablandırarkən deyib.
Lavrovun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner danışıqlarda Donald Trampın Ağ Evə qayıtdıqdan sonra açıqladığı mövqeyi əsas götürürlər. Bu mövqeyə əsasən, Ukraynanın NATO-ya cəlb edilməsi yolverilməzdir.
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ-nin mövqeyinin ikinci əsas elementi “yerüstü reallıqların” tanınmasıdır. Lavrov vurğulayıb ki, burada söhbət yalnız ərazilərdən deyil, insanlardan gedir.
Onun iddiasına görə, 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişindən sonra həmin insanlar “qeyri-insanlar”, “məxluqlar” və “terrorçular” adlandırılıb. Lavrov bildirib ki, onlar dövlət çevrilişinin nəticələrini qəbul etmədikdən sonra həmin şəxslərə qarşı ordu tətbiq olunub.
Lavrov Kiyevin Uitkoff və Kuşnerin səfərindən sonra sülh şərtlərinin sərtləşdirildiyi barədə açıqlamalarını da şərh edib.
Rusiya XİN rəhbəri bu fikirləri Ukrayna hakimiyyətinin spekulyasiyası adlandırıb.