ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyü məsələsini bağlanmış hesab edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci kanal”da yayımlanan “Böyük oyun” proqramında deyib.
Lavrovun sözlərinə görə, Trampın bu mövqeyi Moskva ilə Vaşinqton arasında Ukrayna məsələsi üzrə aparılan hazırkı təmasların əsasını təşkil edir.
Rusiya XİN rəhbəri bildirib ki, ABŞ administrasiyasının yanaşması Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən son danışıqlarda da nəzərə alınıb.
Lavrov qeyd edib ki, Tramp Ağ Evə qayıtdıqdan sonra Ukraynanın NATO-ya cəlb edilməsinə cəhd göstərilməməli olduğunu açıq şəkildə bildirib.
Onun sözlərinə görə, ABŞ prezidentinin mövqeyi Ukraynanın NATO-ya üzvlüyü məsələsini “bağlanmış” hesab etməkdən ibarətdir.
Lavrov ABŞ administrasiyasının mövqeyində digər prinsipial məqam kimi “yerlərdəki reallıqların” tanınmasını göstərib. O bildirib ki, Donald Tramp və komandası Rusiya-ABŞ danışıqlarının Alyaskada keçirilən mərhələsində də bu yanaşmanı əsas götürüb.
Rusiya XİN rəhbəri “yerlərdəki reallıqlar” dedikdə Krımda, Donetsk və Luqanskda, eləcə də Zaporojye və Xerson vilayətlərində keçirilmiş referendumların nəticələrini nəzərdə tutduğunu bildirib.
Lavrovun sözlərinə görə, ABŞ tərəfinin Moskva ilə, xüsusilə də Vladimir Putinlə təmaslarda bu reallıqları əsas götürməsi Rusiyada müsbət qarşılanır və Ukrayna məsələsi üzrə dialoqu davam etdirmək üçün əsas yaradır.
Bununla yanaşı, Lavrov Stiv Uitkoff və Cared Kuşnerin Moskvada müzakirə etdikləri təkliflərin məzmununu açıqlamayıb.
O, danışıqlarla bağlı müxtəlif ehtimalların irəli sürüldüyünü və bu mövzuda spekulyasiyaların aparıldığını bildirib.
Lavrov qeyd edib ki, danışıqların nəticələri barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov artıq məlumat verib. Nazir Moskvanın ABŞ nümayəndələri ilə görüşlərin məzmununu açıqlamaq niyyətində olmadığını vurğulayıb.