Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunan Laçında seçicilərin səs verməsi üçün 6 məntəqə fəaliyyət göstərir. Laçın sakinləri yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar.
"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, 121 saylı dairə üzrə 110 seçki məntəqəsi var. Bunlardan 6 seçki məntəqəsi işğaldan azad olunan Laçında yerləşir. 105 və 106 saylı seçki məntəqəsi Laçın şəhər mərkəzində, 107 saylı seçki məntəqəsi Zerti kəndində, 108 saylı seçki məntəqəsi Zabux kəndində, 109 saylı seçki məntəqəsi Qorçu kəndində, yeni yaradılan 110 saylı seçki məntəqəsi isə Sus kəndindədir.
Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub.