Pilotsuz uçuş aparatı (PUA) Küveyt ərazisində, İraqla sərhəddə yerləşən iki sərhəd buraxılış məntəqəsinə hücum edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaxın Şərq mediası Küveyt hərbçilərinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, hücum bu gün səhər saatlarında baş verib, yaralanan yoxdur. Həmçinin qeyd olunub ki, PUA-lar İraq ərazisindən buraxılıb, lakin PUA-ların hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilmir.
"Bu gün səhər saatlarında Küveytin iki şimal quru sərhəd postu İraqdan buraxılan və optik-lifli kabellərlə idarə olunan, partlayıcı ilə doldurulmuş iki PUA-nın tətbiqi ilə cinayətkar hücuma məruz qalıb. Nəticədə maddi ziyan dəyib, lakin insan tələfatı olmayıb", - məlumatda bildirilib.