İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücum edəcəkləri təqdirdə döyüş zonasının Yaxın Şərqdən kənara çıxacağı barədə xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Fars” agentliyi bu barədə SEPAH-ın bəyanatına istinadla məlumat yayıb. “İrana qarşı təcavüz təkrarlansa, regional müharibə bu dəfə bölgədən kənara yayılacaq və zərbələrimiz gözləmədiyiniz yerlərdə sizə sarsıdıcı məğlubiyyət gətirəcək”, - deyə bəyanatda bildirir.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə mayın 19-da İrana planlaşdırılan hücumu ləğv etdiyini açıqlayıb. Bu arada İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Beqai ölkəsinin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.