“Operativ Məlumat Mərkəzi-OMM”-in “Reuters” agentliyinə istinadən yaydığı məlumata görə, Rusiya rəsmiləri son aylarda Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri məqsədilə vətənlərinə göndərilməsi planını müzakirə ediblər.
Agentliyin mənbələri qeyd edir ki, Rusiya hakimiyyəti 100 min seçicinin daşınması üçün təxminən 50 milyon dollar vəsaitin tələb olunacağını hesablayıb. May ayının ortalarına qədər Kreml tərəfindən Rusiya regionları arasında kvotalar müəyyən edilib və yerli hakimiyyət orqanlarına hazırlıq işləri ilə bağlı hesabat vermələri tapşırılıb.
Bununla belə, “Reuters” jurnalistləri sözügedən planın praktiki icrasının başlanıb-başlanmadığını və bu sayda seçicinin seçki nəticələrinə təsir edib-etməyəcəyini dəqiqləşdirə bilməyiblər. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.