Kolumbiyanın Kartaxena şəhərindəki supermarketdə 20 nəfər girov saxlanılır. Prezident Abelardo De La Espriella çərşənbə axşamı bildirib ki, silahlı qrup pul daşıyan zirehli avtomobili ələ keçirməyə cəhd edib.
AnewZ-nin məlumatına görə, insident Kolumbiyanın əsas turizm şəhərlərindən birində, ölkənin mərkəzində yerləşən Villavisensio şəhərində 22 nəfərin yaralandığı avtomobil partlayışından bir neçə saat sonra baş verib.
De La Espriellanın sözlərinə görə, qrup əvvəlcə ticarət mərkəzindən pul daşıyan zirehli avtomobili ələ keçirməyə çalışıb. Təhlükəsizlik kameralarına nəzarət edənlər həyəcan düyməsi vasitəsilə polisə məlumat veriblər.
Prezidentin bildirdiyinə görə, bundan sonra qrupun üzvləri “mağazalardan birinə sığınmaqdan başqa seçimləri olmadığını” deyiblər. Əvvəlcə 30 nəfər girov götürülüb, onlardan 10-u, o cümlədən yaşlı qadınlar azad edilib.
Polis sosial şəbəkələrdə yaydığı açıqlamada mağazada qalan vətəndaşları qorumaq və onların təhlükəsiz şəkildə azad edilməsini təmin etmək üçün bütün canlı qüvvə, texniki imkanlar və xüsusi resursların qurumlararası koordinasiya ilə səfərbər olunduğunu bildirib.
Girov götürənlərin və girovların kimliyi barədə rəsmilər dərhal məlumat verməyiblər. “Reuters”in yayımladığı görüntülərdə La Kastelyana məhəlləsindəki “Exito” supermarketinin qarşısında ağır silahlarla təchiz olunmuş əsgər və polislərin toplandığı görünür.
De La Espriella müxtəlif təhlükəsizlik qüvvələrinin, o cümlədən xüsusi bölmələrin bütün imkanlarının hadisə yerinə cəlb edildiyini deyib. Çərşənbə axşamı sosial şəbəkələrdə yayılan görüntülərdə mağazanın pəncərələri önündə əlləri bağlı, diz çökdürülmüş şəxslərin olduğu görünürdü. “Reuters” həmin görüntüləri müstəqil şəkildə dərhal yoxlaya bilmədiyini bildirib.
“Grupo Exito” açıqlamasında insanların həyatının və təhlükəsizliyinin şirkət üçün əsas prioritet olduğunu qeyd edib. Şirkət Kartaxenadakı mağazada vəziyyətin aidiyyəti qurumlar tərəfindən idarə olunduğunu, onların göstərişlərinə və hadisəni idarə etmə qaydasına əməl etdiyini bildirib.
Kartaxenanın Rafael Nunes hava limanında hərbi qüvvələrin insidentlə əlaqədar uçuş-enmə zolaqlarından birindən istifadə etməsi səbəbindən təyyarələrin enişi qısa müddətə dayandırılıb. Uçuşlar təxminən 45 dəqiqə sonra bərpa olunub. Kartaxena, xüsusilə divarlarla əhatələnmiş müstəmləkə dövrünə aid köhnə şəhər hissəsi, kolumbiyalı və xarici turistlər arasında populyar istiqamətdir.
Villavisensiodakı partlayışda 22 nəfər yaralanıb
De La Espriella Kolumbiyanın Meta departamentinin paytaxtı Villavisensiodan çıxış edib. O, hökumət idarələrinin yaxınlığında gecə baş verən avtomobil partlayışından sonra şəhərə gedib. Partlayış 22 nəfəri yaralayıb.
Hücumun məsuliyyətini heç bir qrup üzərinə götürməyib. Hökumət isə hücumu 2016-cı il sülh razılaşmasını qəbul etməyən, keçmiş FARC silahlı qrupundan ayrılmış qruplaşmaların törətdiyini bildirib.
Villavisensio meri Aleksandr Bakero Sanabriyanın sözlərinə görə, yaralananların çoxunun xəsarətləri yüngül olub. Bir nəfər əməliyyat edilib və vəziyyəti stabildir. Partlayış nəticəsində ev və biznes obyektləri də daxil olmaqla, təxminən 500 mülkə ziyan dəyib.
De La Espriella çərşənbə axşamı hadisə yerinə baş çəkib. O, hücuma görə məsuliyyət daşıyanları nəzərdə tutaraq, “tökdükləri hər damla qana, dağıtdıqları hər biznesə və mülkə görə cavab verəcəklərini” deyib və hücumun cəzasız qalmayacağını bildirib.
Kolumbiyada solçu üsyançı qruplar 60 ildən artıqdır hökumətə və sonradan cinayətkar dəstələrə çevrilmiş sağçı paramilitar qruplara qarşı mübarizə aparıblar. Kokain ticarətinin qidalandırdığı münaqişə vətəndaş müharibəsinə çevrilib.
Hökumətlə FARC arasında 2016-cı ildə imzalanan sülh razılaşmasının bu həftə 10-cu ildönümü qeyd olunur. Razılaşma müəyyən rahatlıq gətirsə də, cinayətkar dəstələr hələ də güclüdür, daha kiçik üsyançı qruplar isə fəaliyyətlərini davam etdirirlər.