Kolumbiyanın cənub-qərbində yerləşən Nariño inzibati regionunda, El Chambero və Bellavista yaşayış məntəqələri arasındakı qanunsuz qızıl mədənində kütləvi torpaq sürüşməsi və uçqun baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fəlakət nəticəsində 14 nəfərin cəsədi tapılaraq çıxarılıb, xəsarət alan 7 nəfər yaralının isə tibb müəssisələrində müalicəsinə başlanılıb.
Nariño regionunun qubernatoru Luis Alfonso Eskobar yerli mətbuata açıqlamasında baş vermiş faciə ilə bağlı həlak olanların ailələrinə dövlət tərəfindən lazımi dəstəyin göstəriləcəyini bəyan edib:
“Hazırda əsas prioritetimiz insanların həyatını qorumaq, zərər çəkən ailələrimizin yanında olmaq və bu ağır fövqəladə vəziyyətə operativ müdaxilə etməkdir”, – deyə L.A.Eskobar vurğulayıb.
Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsindən (UNGRD) bildirilib ki, həlak olanların cəsədləri və yaralılar ağır texnikanın (ekskavatorların) köməyi ilə yerli sakinlər və axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılıb. Torpaq qatı altında hələ də mədənçilərin qala biləcəyi ehtimal edildiyindən axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Tələfatın artacağı narahatlığı ifadə olunur.
Uçqunun baş verdiyi ərazi narkotik vasitələrin qanunsuz dövriyyəsi və nəzarətsiz mədənçilikdən əldə olunan gəlirləri bölüşdürmək uğrunda mübarizə aparan silahlı cinayətkar qruplaşmaların toqquşma zonası kimi tanınır.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, qanunsuz qızıl hasilatı və narkotik qaqaqmalçılığı regionda fəaliyyət göstərən solçu radikal qruplaşmaların və mütəşəkkil cinayətkar təşkilatların əsas maliyyə mənbələri sırasındadır.
Xatırladaq ki, cari ilin avqust ayında Kolumbiyanın Nariño regionunun başqa bir məntəqəsində analoji qanunsuz mədən qəzası nəticəsində 13 nəfər həyatını itirmişdi.