Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynada davam edən hərbi münaqişə fonunda prezident seçkilərinin keçirilməsi ehtimalına münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, diplomat müharibə şəraitində səsvermənin təşkilini düzgün addım hesab etmir.
Kallas vurğulayıb ki, Avropa ölkələrinin əksəriyyətinin konstitusiyasında döyüş əməliyyatları zamanı seçkilərin keçirilməsini qadağan edən bəndlər mövcuddur:
- Döyüş şəraitində seçki keçirmək qətiyyən yaxşı həll yolu deyil;
- Əksər Aİ ölkələrində hərbi vəziyyətdə səsvermə qadağandır;
- Təhlükəsizlik riskləri demokratik prosesə mane ola bilər.
Qeyd edək ki, daha əvvəl "The Financial Times" nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin fevralın 24-də seçkilərin keçiriləcəyini elan edə biləcəyi barədə məlumat yaymışdı. Bəzi mənbələr seçki tələbinin ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri müqabilində irəli sürüldüyünü bildirir.