İordaniyanın Mülki Aviasiyanın Tənzimlənməsi Komissiyası bu gündən etibarən ölkənin hava məkanının bütün gələn, gedən və tranzit uçuşlar üçün bağlandığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət hər gün saat 18:00-dan 09:00-dək, növbəti bildirişədək qüvvədə olacaq.
Qeyd olunub ki, qərar regiondakı mövcud vəziyyət və risklərin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi fonunda qəbul edilib.
Komissiyanın rəhbəri, kapitan Dayfallah əl-Faracat bildirib ki, bu addım regionda yaranmış vəziyyət nəzərə alınmaqla mülki aviasiyanın qorunması və İordaniyanın hava məkanında ən yüksək təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədi daşıyır.
Komissiya sərnişinləri reys cədvəlləri və müvəqqəti məhdudiyyətlərlə bağlı dəyişikliklər barədə məlumat almaq üçün müvafiq aviaşirkətlərlə əlaqə saxlamağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl "Qatar Airways" regiondakı vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırıldığını elan etmişdi.