Yaponiya hökuməti Birləşmiş Ərəb Əmirlikləri ilə Hörmüz boğazından keçmədən əlavə neft tədarükünü nəzərdə tutan razılaşma əldə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət 20 milyon barel neftin daşınmasından gedir. Yük boru kəməri vasitəsilə BƏƏ-nin neft yataqlarına qoşulan Oman körfəzində yerləşən Fujayra limanına çatdırılacaq.
Qeyd olunur ki, Fujayra limanı əvvəllər İranın pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb. Buna görə də Yaponiyanın həmin liman vasitəsilə neft idxalını təhlükəsiz şəkildə həyata keçirməsi üçün regionda sabitlik vacib hesab olunur.
Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye naziri Ryosei Akazawa daha əvvəl bildirmişdi ki, BƏƏ və Səudiyyə Ərəbistanı Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ ixrac marşrutlarından istifadə imkanlarını genişləndirir.
Qeyd edilir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəl bu iki ölkə Yaponiyanın neft idxalının əsas təchizatçıları olub.