İsrail aviasiyası və artilleriyası Livanın cənub bölgələrinə intensiv zərbələr endirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, hücumlar nəticəsində bölgədəki kənd təsərrüfatı sahələri, meyvə bağları və meşə massivləri ciddi zərər görüb.
Livanın hərbi sahə mənbəyi “RIA Novosti” agentliyinə açıqlamasında bildirib ki, İsrail hərbi aviasiyası, o cümlədən pilotsuz uçuş aparatları (PUA) səhər saatlarından etibarən “El-Mansuri” və “Madjal-Zun” rayonlarını hədəfə alıb.
Artilleriya atəşləri nəticəsində ərazidə yanğınlar baş verib və geniş yaşıllıq sahələri məhv olub.
Məlumata görə, İsrail hərbçiləri aviazərbələrlə yanaşı, sərhədyanı yaşayış məntəqələrindəki binaları və infrastrukturu da partlayışlarla sıradan çıxarıblar.
Xüsusilə “Markaba”, “El-Mansuri”, “Beyt-Yahuna”, “Xodeyta” və “Kunin” yaşayış məntəqələrində güclü partlayışlar qeydə alınıb.
Hadisə yerindən yayılan məlumatlara görə, “Xodeyta” rayonunda İsrailə məxsus zirehli texnikanın və tankların hərəkəti müşahidə olunub.
Hərbçilərin yaşayış məntəqələri istiqamətində pulemyotlardan atəş açdığı da bildirilir.
Hazırda İsrail döyüş təyyarələri və PUA-ları Livanın sərhədyanı bölgələrinin hava məkanında uçuşlarını davam etdirir.
Xatırladaq ki, iyunun 26-da Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında hərbi əməliyyatların dayandırılmasını, Livan dövlətinin öz ərazisində nəzarəti bərpa etməsini və İsrail qoşunlarının mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan çərçivə sazişi razılaşdırılmışdı.