İsrail hakimiyyəti ABŞ-nin təzyiqi ilə gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılaşıb.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqların əsas mövzusu atəşkəsin əldə olunması və “Hizbullah” silahlı qruplaşmasının bölmələrinin tərksilah edilməsi olacaq.
Eyni zamanda qeyd olunub ki, İsrail “Hizbullah”ın mümkün hücumlarına cavab vermək hüququnu özündə saxlayır.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla mümkün qədər tez birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini açıqlamışdı.
“Axios” nəşrinin məlumatına görə, görüşün gələn həftə Vaşinqtonda keçirilməsi və tərəflərin ABŞ-dəki səfirləri vasitəsilə təmsil olunması gözlənilir.