İraq hərbi bölmələrinə endirilən zərbə ilə əlaqədar İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırmağı tapşırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin ofisi rəsmi məlumat yayıb.
İraqın Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətlərindəki mənbələrdən bildirilib ki, endirilmiş zərbə nəticəsində 7 hərbçi ölüb və 13 nəfər yaralanıb. Daha əvvəl KİV İraq Müdafiə Nazirliyinə istinadən Ənbar əyalətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi və 7 hərbçinin həlak olması barədə məlumat yaymışdı.
Zərbə rəsmi olaraq İraq silahlı qüvvələrinin bir hissəsi olan iranyönümlü silahlı dəstə koalisiyası - "Xalq Səfərbərlik Qüvvələri"nə məxsus obyektə endirilib. ABŞ öz növbəsində bu koalisiyanı terror təşkilatları siyahısına daxil edib.