İran Ali Liderinin hərbi məsələlər üzrə baş müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi İran mediasına verdiyi açıqlamada ABŞ və İsraillə yenidən hərbi toqquşma ehtimalı və dəniz dəhlizlərindəki son vəziyyəti şərh edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, general Vaşinqton və Təl-Əvivin hərbi planlarından tam xəbərdar olmadıqlarını, lakin İran Silahlı Qüvvələrinin istənilən “ən pis ssenariyə” hazırlaşdığını vurğulayıb.
Səfəvi bildirib ki, mənfəət və milli mərkəzlərə yenidən zərbələr endiriləcəyi təqdirdə cavab tədbirlərinin miqyası əvvəlki mərhələlərdən fərqli olacaq:
“Münaqişə artıq Fars körfəzi və Hörmüz boğazından Qırmızı dənizə qədər yayılıb. Əgər amerikalılar və ya İsrail yeni bir hücuma keçərsə, müharibə cəbhəsi daha da genişlənərək Hind okeanına və bəlkə də ondan kənara çıxa bilər.”
General, həmçinin Bab əl-Məndəb boğazında yeni hərbi cəbhənin açıla biləcəyini qeyd edərək, regional monitorinq imkanlarının Aralıq dənizindən Hind okeanına qədər genişləndirildiyini bildirib.
Hörmüz boğazının statusuna toxunan Səfəvi, boğazda gəmilərin sərbəst hərəkətinin bərpasının yalnız ABŞ-nin hərbi təzyiqləri dayandırması və Tehranın şərtlərini qəbul etməsi halında mümkün olacağını diqqətə çatdırıb.
Omanla münasibətlərdən danışan iranlı general, Muscat idarəçiliyi ilə Hörmüz boğazının təhlükəsizliyi və idarə olunması mexanizminə dair prinsipial razılığın olduğunu, lakin Vaşinqtonun müdaxiləsi və yaratdığı maneələr səbəbindən bu mexanizmin tam fəaliyyətə keçə bilmədiyini iddia edib.