İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə İran arasında əldə olunan 14 maddəlik razılaşma mətninin ictimaiyyətə açıqlanmasından sonra mühüm bəyanatlar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qalibafın sözlərinə görə, ABŞ və İsrailin müharibənin əvvəlində qarşılarına qoyduqları 9 əsas hədəfə çatmasına imkan verilməyib.
O, rəsmi Tehranın həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə ciddi müqavimət göstərdiyini vurğulayıb:
"Dünyanın bir nömrəli gücü olan "ABŞ" və "İsrail" birlikdə qarşımıza çıxdı. Bu münaqişə qlobal təsirlərə malik beynəlxalq bir məsələ idi. Biz ABŞ və "Sionist rejimi" məğlub etdik".
Məhəmməd Baqir Qalibaf danışıqlar prosesi ilə paralel şəkildə hərbi təzyiqlərin davam etdiyini bildirib. Onun iddialarına görə, Fars körfəzində düşmənə məxsus iki freqat vurularaq yandırılıb, həmçinin düşmən təyyarələrinin qalxdığı hava limanları hədəf alınıb.
Qalibaf İsrailin Dəhiyə bölgəsinə hücumları zamanı ABŞ-yə sərt xəbərdarlıq etdiklərini də qeyd edib:
"Biz ABŞ-yə ültimatom verdik və tələblərimizin qəbul olunmasını istədik. Nəticədə ABŞ prezidenti Netanyahunun Dəhiyəyə hücum etmək haqqının olmadığını açıqlamaq məcburiyyətində qaldı".
Sonda özünü bir döyüşçü kimi xarakterizə edən parlament sədri, diplomatiyanı da döyüşçü ruhu ilə apardığını vurğulayıb. O, hərbi yolla əldə etmək istədikləri nəticələrdən daha çoxunu danışıqlar masasında qazandıqlarını və müharibənin artıq onların xeyrinə başa çatdığını iddia edib.