Bölgədəki hərbi münaqişəyə son qoymaq səyləri fonunda İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikası adından Pakistanın Baş naziri Şahbaz Şərifə və feldmarşal Asim Munirə rəsmi təşəkkürünü bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Abbas Əraqçi özünün "X" sosial şəbəkə hesabında yazıb.
"İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş Naziri Şərifə və Feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm", - deyə məktubda qeyd olunub.
Nazir əlavə edib: "İrana qarşı hücumlar dayandırılarsa, Silahlı Qüvvələrimiz öz müdafiə əməliyyatlarını dayandıracaq. İki həftə müddətində İranın Silahlı Qüvvələri ilə koordinasiya vasitəsilə və texniki məhdudiyyətlər lazımi qaydada nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq".
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. Bundan sonra İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.