İranın rəsmi mənbələri ölkə ordusunun Küveytdə yerləşən ABŞ-yə məxsus strateji hərbi obyektlərə və bölgədəki Amerika gəmisinə qarşı genişmiqyaslı hücum həyata keçirdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tehranın yaydığı məlumata əsasən, əməliyyat pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edilməklə həyata keçirilib.
İran tərəfi hücumu “davam edən təcavüzə cavab” kimi qiymətləndirib. Rəsmi açıqlamada bildirilib ki, zərbələr ABŞ-nin regiondakı hərbi mövcudluğuna və strateji obyektlərinə qarşı yönəlib. Hədəflər arasında ABŞ-yə məxsus hərbi gəminin də olduğu qeyd edilib.
Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq və ya cavab açıqlaması verilməyib.
Beynəlxalq müşahidəçilər bildirirlər ki, baş verən insident Yaxın Şərqdə mövcud olan gərgin təhlükəsizlik vəziyyətini daha da ağırlaşdıra bilər.