İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-nin hegemon yanaşması və ikili standartları Tehranla Vaşinqton arasında ədalətli razılaşmanın əldə olunmasına ən böyük maneədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bazar ertəsi prezidentin rəsmi saytı məlumat yayıb.
Bazar günü Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Pezeşkian qeyd edib ki, əgər Birləşmiş Ştatlar beynəlxalq hüquq prinsiplərinə əməl edərsə, razılaşma əldə etmək mümkündür.
O, həmçinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı son qətnaməsinə qarşı çıxdığına görə Kremlə təşəkkürünü bildirib.
İslamabadda ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə keçirilən danışıqların nəticəsiz qalmasından sonra tərəflər arasında elan edilmiş iki həftəlik atəşkəsin altıncı günüdür.
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf danışıqların uğursuzluğunu ABŞ tərəfinin İran nümayəndə heyətində etimad yarada bilməməsi ilə əlaqələndirib.
İranın Xarici İşlər Naziri Abbas Araqçi "X" sosial platformasında etdiyi paylaşımda İranın danışıqlara xoş niyyətlə qatıldığını, lakin ABŞ-nin tələblərini dəyişdirməsi səbəbindən razılaşmanın baş tutmadığını vurğulayıb.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hürmüz boğazına yaxınlaşan hər hansı hərbi gəminin atəşkəsin pozulması kimi qiymətləndiriləcəyini və buna güclə cavab veriləcəyini xəbərdar edib.