ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni zərbələrdən sonra Tehran bölgədəki Amerika hərbi bazalarına hücum edib və Vaşinqtona sərt xəbərdarlıq ünvanlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mərkəzi qərargahı Həzrəti Xatəm əl-Ənbiya bəyanat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ İran İslam Respublikasına qarşı hər hansı yeni hərbi əməliyyat həyata keçirəcəyi təqdirdə daha genişmiqyaslı və dağıdıcı cavabla üzləşəcək.
“Amerika ordusu İran İslam Respublikasına qarşı hər hansı bir təcavüzü təkrarlayarsa, bölgədəki konkret hədəflərə qarşı daha ciddi və genişmiqyaslı hücumlara məruz qalacağını bilməlidir”, – deyə açıqlamada vurğulanıb.
Qərargah qeyd edib ki, ABŞ-nin İranın cənubunda həyata keçirdiyi hücumlara cavab olaraq bölgədə yerləşən bir sıra Amerika hərbi bazaları İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri tərəfindən hədəfə alınıb.
Bildirilib ki, hücumlar ABŞ-nin “Amerika helikopterlərinin vurulması” iddiasını əsas gətirərək İrana qarşı endirdiyi zərbələrə cavab xarakteri daşıyıb.
Amerika KİV-lərinin məlumatına görə, iyunun 10-na keçən gecə Hörmüz boğazı üzərində ABŞ-a məxsus Apaçi helikopterinin vurulmasından sonra Vaşinqton İran ərazisinə üç mərhələdə hava zərbələri endirib.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə ABŞ ilə əlaqəli hərbi obyektlərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.
Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyi bir vaxtda tərəflərin qarşılıqlı bəyanatları regionda yeni hərbi eskalasiya riskini artırır.