Cənubi Koreyanın İran üzrə xüsusi nümayəndəsi Çon Byon Ha bu ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Görüş Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazında çətin vəziyyətdə qalan Cənubi Koreya gəmiləri və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Seulun səyləri fonunda baş tutub.
Çon Byon diplomatik səylərin münaqişəyə son qoymağa imkan verəcəyinə və regionda sülh və sabitliyə gətirib çıxaracağına ümidvar olduğunu bildirib. O, həmçinin Seul və Tehran arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.
Əraqçi bu mövqeyi dəstəkləyərək, İranın qeyd olunan istiqamətdə Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
"Yonhap" agentliyinin məlumatına görə, hazırda Cənubi Koreyanın 26 gəmisi və 173 dənizçisi Hörmüz boğazında qalmaqdadır.