İran İslam Respublikası ABŞ ilə aparılan danışıqlar prosesində bütün mümkün ssenarilərə hazır olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, diplomat rəsmi Tehranın Vaşinqtonla dialoqu son dərəcə ehtiyatlı şəkildə apardığını qeyd edib. O vurğulayıb ki, İranın qarşı tərəfə etimadı yoxdur və bunun üçün keçmiş təcrübələrə əsaslanan ciddi səbəblər mövcuddur. Bəhreyni xatırladıb ki, nüvə proqramı ilə bağlı əvvəlki razılaşma dövründə İranın danışıqlar apardığı bir vaxtda ABŞ tərəfindən hərbi addımlar atılıb.
Bildirilib ki, iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında texniki danışıqlar aparılıb. Görüşdən sonra yayılan birgə bəyanatda tərəflərin müəyyən razılaşmaya yaxınlaşdığı qeyd olunub.
Qeyd olunub ki, tərəflər növbəti 60 gün ərzində yekun razılaşmanın əldə olunması üçün yol xəritəsi üzərində razılığa gəliblər və gələcək texniki müzakirələrin davam etdirilməsi məqsədilə xüsusi mexanizm yaradılıb.
Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və İran Xarici İşlər Nazirliyinin nümayəndələri danışıqların ilk mərhələsində müəyyən irəliləyişlərin əldə olunduğunu təsdiqləyiblər.