İranyönümlü husi qruplaşması beynəlxalq gəmiçilik yollarına və İsrail hədəflərinə qarşı raket və dron hücumlarını yenidən başladacaqlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Yəməndəki husi hərəkatının iki yüksək rütbəli rəsmisindən alınan məlumata görə, qruplaşma İrana dəstək məqsədilə hərbi əməliyyatları aktivləşdirmək qərarına gəlib.
Rəsmilər, rəsmi bəyanatın hələ verilməməsinə baxmayaraq, ilk zərbənin bu gecə baş tutma ehtimalının yüksək olduğunu bildiriblər.
Husilərin bu qərarı regionda nisbi sakitlik yaradan müəyyən razılaşmaların pozulması deməkdir.
Husilərin yenidən hərəkətə keçməsi Qırmızı dənizdəki beynəlxalq ticarət təhlükəsizliyini yenidən sual altına qoyur. İrana dəstək xarakteri daşıyan bu addım, Yaxın Şərqdəki münaqişə coğrafiyasının daha da genişlənə biləcəyi siqnalını verir.