Nyu-Meksiko qubernatoru Mişel Qrişam ABŞ Prezidenti Donald Trampın ştatın adını “New Mexico” əvəzinə “New America” kimi göstərən xəritə paylaşımına etiraz edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qrişam bu barədə “X” platformasındakı paylaşımında bildirib.
Qubernator Trampın bu addımla İrandakı müharibə və artan neft qiymətləri ilə bağlı diqqəti yayındırmağa çalışdığını iddia edib. O vurğulayıb ki, Nyu-Meksikonun adı müzakirə mövzusu deyil və bu ad ABŞ yaradılmamışdan əvvəl də istifadə olunub.
Qrişam amerikalıların ərzaq alış-verişinə daha çox pul xərclədiyini, səhiyyə xidmətlərinə çıxış imkanlarının isə azaldığını bildirib.
“Ağ Ev xəritələrin üzərində rəngləməklə vaxtını boşa xərclədiyi halda, Nyu-Meksiko öz işini görməklə məşğuldur”, – qubernator qeyd edib.
ABŞ-nin keçmiş daxili işlər naziri Deb Haaland da Trampın paylaşımına etiraz edib. O, “X” hesabında Nyu-Meksikonun adını qoruyacağını bildirib və kampaniya tədbirində çəkilmiş videonu yayımlayıb.
Videoda Haaland Trampın Nyu-Meksikonun adını “New America” olaraq dəyişmək istədiyini xatırladıb və bu təşəbbüsü dəstəkləmədiyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin Nyu-Meksiko ştatının adındakı “Mexico” sözünün üzərindən xətt çəkilərək yerinə “America” yazıldığı xəritə paylaşmışdı. Prezidentin digər paylaşımında isə Kanada, Meksika və Qrenlandiya da daxil olmaqla ətraf ərazilər ABŞ torpaqları kimi göstərilmişdi.