Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkənin yüksək təşkilatçılıq bacarığını və urbanizasiya problemlərinə innovativ yanaşmasını bir daha təsdiqlədi. Altı gün davam edən forumda Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl zona" layihələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.
Dünyanın aparıcı media qurumları Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışını, ölkəmizin ev sahibliyini və şəhərsalma sahəsindəki nailiyyətlərini geniş işıqlandırıb. Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəliyini müəyyən edən strateji platforma və "Bakı Çağırışı"nın səsləndiyi mühüm məkan kimi qiymətləndirib. İqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya kimi mövzular qlobal xəbər agentliklərinin əsas müzakirə mövzusuna çevrilib.
Forumun beynəlxalq mediada geniş işıqlandırılması aşağıdakı ölkələrin aparıcı media orqanları tərəfindən həyata keçirilib:
- Türkiyə: "Anadolu Ajansı", "Haber Global", "TRT Haber", "CNN Türk", "Yeni Şafak", "Milliyet", "Türkiye Gazetesi", "Akşam", "Star" və "İhlas Haber Ajansı".
- İran: IRNA, ISNA, "Mehr News", "Tasnim", "Fars News", ILNA, YJC və "Bultan News".
- Pakistan: APP Agentliyi, "Radio Pakistan", DND, "The News", "Nation" və "Tribune".
- Rusiya: TASS, "RİA Novosti", "İnterfaks", "Rossiyskaya Gazeta" və "Vestnik Kavkaza".
- Hindistan: "The Hindu", "Times of India", "Hindustan Times" və ANI Agentliyi.
- Digər ölkələr: Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, İndoneziya, Malayziya, Vyetnam, ABŞ, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Tacikistan, Qırğızıstan, Macarıstan və Bolqarıstanın aparıcı media qurumları.
Beynəlxalq mətbuatın ümumi rəyinə görə, WUF13 müasir urbanizasiya tarixində dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanın qlobal problemlərin həllində mühüm ideya və strategiya ixracatçısı olduğunu sübut edib. Bakı platforması müxtəlif iqtisadi inkişaf səviyyəsinə malik ölkələri birləşdirən dialoq mərkəzinə çevrilib.